Açıq söz (qəzet)
"Açıq söz" qəzeti (az.-əbcəd آچیق سوز) — Bakıda 1915–1918-ci illərdə nəşr olunmuş gündəlik ictimai-siyasi, ədəbi, demokratik beynəlxalq qəzet.
"Açıq söz" qəzetinin naşirləri və redaktorları müxtəlif vaxtlarda Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc, Qənbər və Abuzər Orucov qardaşları olmuşlar.
== Haqqında ==
Qəzetin əsası 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuşdur. Qəzet "İqbal" qəzetinin (1912-15) davamı olub, "Müsavat" partiyasının rəsmi orqanına çevrilmişdi. "Açıq söz" qəzetinin ilk sayı 1915-ci il oktyabrın 2-də "İqdam" mətbəəsində çap edilmişdi.
Qəzetin ilk sayında, sərlövhə altında "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarı və "gündəlik türk qəzetidir" sözləri yazılmışdı. "Açıq söz" qəzetində ilk dəfə "müsəlman", "tatar", "tuzem" sözləri əvəzinə Azərbaycan xalqının adı ilə bağlı "türk" sözü işlədilirdi. Qəzetin məramı onun 1-ci sayında dərc edilmiş proqram səciyyəli baş məqalədə belə ifadə olunmuşdu:
"Açıq söz" qəzetində Rusiyanın daxilində gedən ictimai-siaysi proseslər, Azərbaycan həyatının bütün sahələr barədə müntəzəm surətdə məlumatlar, dirçəliş, muxtariyyət məsələlərinə dair yazılar dərc olunur. Birinci Dünya müharibəsinin gətirdiyi bəlalar və dəhşətlər hərtərəfli və obyektiv işıqlandırılırdı. Qəzetin dolğun və rəngarəng çıxmasında, mövzu genişliyində ədib, jurnalist və ictimai xadimlərdən Nəriman Nərimanov, Əhməd bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov, Əbduürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli, Sənətullah Eynullayev, Əzim Əzimzadə və b.-nın böyük xidmətləri olmuşdur.